OSMANLI-AZADKƏND MƏNZİLİNDƏ SUYUN DİGƏR TƏRƏFƏ ÖTÜRÜLMƏSİ ÜÇÜN 5 YERDƏN DƏMİR YOLU YATAĞI YARILIB
Xəbər verdiyimiz kimi, Kür çayının məcrasından çıxması və suyun
səviyyəsinin qalxması ilə əlaqədar «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar
Cəmiyyətinin kollektivi gücləndirilmiş iş rejiminə keçib. Daşqınlar
nəticəsində dəmir yolunun Şirvan-Astara istiqamətində problemlər yaranıb. 9
may saat 16. 30-dan etibarən Astara istiqamətində qatarların hərəkəti
dayandırılıb.
Osmanlı-Azadkənd mənzilini sel suları basdığına görə 15-ci km-də subasmanın
qarşısını almaq üçün yarılan yol yatağı 80 metrə qədər genişlənib. Son
məlumata görə, həmin istiqamətdə 10 kilometrə yaxın yolun torpaq yatağı sel
suları nəticəsində çökməyə məruz qalıb. Artıq bərpa işləri gedir.
Daşqınların yaratdığı fəsadları aradan qaldırmaq üçün Osmanlı-Azadkənd
mənzilini 15-ci kilometrində yeni körpünün salınmasının və yolun bərpasının
layihəsi hazırlanır. Ümumiyyətlə 6-7 may 2010-cu ildə Kür çayının daşması ilə əlaqədar
Şirvan-Osmanlı və Azadkənd sahəsində dəmir yolunda görüləcək işlər
aşağıdakılardan ibarətdir: 2 ədəd 2000 mm-lik dəmir–beton borunun tikintisi;
100 p/m. yolun torpaq yatağının bərpası; 100 p/m. yolun üst quruluşu
elementlərinin (rels şpal, bərkidicilər və ballast qatı) quraşdırılması; 10
km məsafədə torpaq yatağında yaranmış bir tərəfli yatmaların ləğv olunması;
rabitə və yan elektrik xətlərinin bərpa olunması. Bu arada dəmir yolunun Şirvan-Astara istiqamətində daşqınların yaratdığı
fəsadlar artmaqda davam edir. Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar
dəmir yolunun Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24–cü
kilometrlərində də (cəmisi 5 yerdə subasmanın qarşısını almaq məqsədi ilə
dəmir yolunun yatağının altından suyun digər istiqamətə ötürülməsi dəmir
yolu xəttinin altından yol açılmışdır.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
«DƏMİR YOLU TİCARƏTİNİN VƏ NƏQLİYYATININ DƏSTƏKLƏNMƏSİ LAYİHƏSİ» ÜZRƏ TENDER KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
Ötən həftə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Dəmir
Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi» üzrə Tender
Komissiyasının iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə Tender Komissiyasının sədri, Nəqliyyat Nazirliyinin
Maliyyə və Kredit şöbəsinin müdiri Faiq Ələkbərov açdı. O, bildirdi ki,
gündəlikdə aşağıdakı məsələ durur: «Azərbaycan Respublikası Hökuməti və
Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir Yolu Ticarətinin və
Nəqliyyatının Dəstəklənməsi Layihəsi» çərçivəsində Bakı-Böyük-Kəsik dəhlizi
boyu enerji təchizatının əvəz edilməsi, işarəvermə sisteminin yenilənməsi və
lokomotivlərin alınması xidmətləri ilə bağlı məsləhətçi şirkətin cəlb
edilməsi məqsədi ilə təkliflər sorğusu proseduru üzrə təqdim olunmuş texniki
təkliflərin açılışı».
F. Ələkbərov layihə haqqında məlumat verərək bildirdi ki, təkliflərin təqdim
edilməsi üçün ilkin olaraq son tarix 15 aprel 2010-cu il Bakı vaxtı ilə saat
15:00-a qədər nəzərdə tutulmuş, lakin iştirakçıların xahişi ilə son tarix
uzadılmış və 3 may 2010-cu il Bakı vaxtı ilə saat 15:00-a təyin olunmuşdur.
Keyfiyyət və dəyər əsasında seçimə əsaslanan tender proseduru üzrə texniki
və maliyyə təklifləri təqdim etmiş iddiaçıların texniki təkliflərin təqdim
edilməsi üçün təyin olunmuş son vaxt bitdikdən dərhal sonra, maliyyə
təklifləri isə yalnız texniki cəhətdən qiymətləndirmə başa çatdıqdan və
tələb olunan minimum 70 bal toplamış iddiaçıların maliyyə təklifləri Dünya
Bankının xüsusi razılığından sonra açılır. Komissiya sədri bildirdi ki, bu layihədə iştirak etmək üçün 14 ölkədən 20
şirkət öz maraqlarını ifadə etmişdir. Dünya Bankının meyarlarına uyğun olan
6 iddiaçı şirkətə təkliflər sorğusu prosedurunda iştirak etmək üçün
dəvətnamələr göndərilmişdir. Bir şirkət məktubla müraciət edərək öz
təkliflərini göndərməkdən imtina etmişdir. Sonra layihənin meneceri Fərrux Heybətov təqdim olunan texniki təklifləri
iştirakçılara təqdim etdi və müvafiq olaraq «Qısa siyahı»ya daxil edilmiş
təkliflər daxil olduğu ardıcıllıqla açılaraq hər bir iddiaçının adı, ölkəsi
və təqdim etdiyi dəstlərin sayı elan olundu: EGİS BCEOM İnternational (Fransa)
- EGİS Rail (Fransa); Italferr S.p.A (Italiya) – Lengiprotrans JSC (Rusiya)
- SGI S.p.A (Italiya) – ICON Int. (Türkiyə) – Consulint S.p.A (İtaliya);
Korea Rail Network Authority (Koreya) Chungsuk Engineering Co.Ltd. (Koreya)
– Pyungwa Engineering Consultants Ltd. (Koreya) – Seoyeong Engineering
Co.Ltd. (Koreya); İDOM ingeniera y S.A. (İspaniya) – WYG (İngiltərə) –
Ardanuy İngeneriya S.A. (İspaniya) – İnnova Construction & Contracting MMC (İspaniya)-
AZTRANREIL MMC (Azərbaycan); Kaspi-EL (Azərbaycan) – KwangMyung Electric
Co.LTD (Koreya) – "EMH Electro Mechanic service Ltd” (Türkiyə) –
"Sibgiproptans”JSC (Rusiya) – "Niiefa Energo” LLC (Rusiya) –
"Energoatomengineering” CJSC (Rusiya) – "Lenpromtrasproekt” JSC (Rusiya).
Tender Komissiyasının sədr müavini, «Azərbaycan Dəmir Yolları» Qapalı
Səhmdar Cəmiyyətinin sədr müavini, Qurban Nəzirov çıxış edərək öz fikir və
mülahizələrini bildirdi.
Sonda texniki təkliflərin açılışında iştirak edən Tender Komissiyasının
sədri, Nəqliyyat Nazirliyinin Maliyyə və Kredit şöbəsinin müdiri Faiq
Ələkbərov, Tender Komissiyasının sədr müavini, «Azərbaycan Dəmir Yolları»
Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, Qurban Nəzirov, Komissiyanın
üzvləri - Nəqliyyat Nazirliyinin Maliyyə və Kredit şöbəsinin müdir müavini
İlham Daşdəmirov, İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları
şöbəsinin müdir müavini Əli Hacıyev, Maliyyə Nazirliyinin İnfrastruktur
təyinatlı layihələrin maliyyəsi şöbəsinin sektor müdiri Azər Məmmədli,
Nəqliyyat Nazirliyinin Maliyyə və Kredit şöbəsinin sektor müdiri Arif
Əbdüləzizov, Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat
şöbəsinin müdir müavini Fərman Səfərov, «Azərbaycan Dəmir Yolları» Qapalı
Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, «Azərbaycan
Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamentinin
baş mühəndisi Nəriman Nağıyev tender təkliflərinə dair elan olunan
məlumatları əks etdirən protokolu imzaladılar.
«AZƏRBAYCAN DƏMİR YOLLARI» QSC SERBİYANIN KRALYEVO VAQONQAYIRMA ZAVODUNUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ İKİTƏRƏFLİ GÖRÜŞ KEÇİRİLMİŞDİR
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Serbiyanın
Kralyevo Vaqonqayırma Zavodunun nümayəndələri ilə ikitərəfli görüş
keçirilmişdir. Görüşdə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov
qonaqlara dəmir yolunda aparılan islahatlar, əldə olunan nəticələr,
beynəlxalq nəqliyyat layihələrində iştirak barədə geniş məlumat vermişdir.
Kralyevo Vaqonqayırma Zavodunda keyfiyyətinə görə dünya
standartlarına cavab verən enerji daşıyıcı vasitəsi olan vaqon və sisternlər
istehsal edilir. Fikir mübadiləsi zamanı qarşılıqlı əlaqələrin daha da
genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Serbiyanın Kralyevo
Vaqonqayırma Zavodunun baş direktorunun vəzifəsini icra edən Voşko Slavkoviç,
«QOŞA» dəmir yolu zavodunun satış üzrə meneceri Uros Vljiç çıxış edərək
rəhbərlik etdikləri vaqonqayırma zavodlarında istehsal olunan müxtəlif
təmayüllü vaqonlar haqqında geniş məlumat verdilər. Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli
səfiri Eldar Həsənov Azərbaycanla Serbiya arasındakı mövcud əlaqələrdən, bu
əlaqələrin daha da genişləndirilməsi istiqamətdə hər iki ölkə başçısının
gördüyü böyük işlərdən danışdı.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC MÜƏSSİSƏLƏRİ ARASINDA "SAĞLAM ƏTRAF MÜHİT, TƏMİZ HAVA, TƏMİZ SU" MÜSABİQƏSİNƏ START VERİLDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
2010-cu il ölkəmizdə "Ekologiya ili” elan edilmişdir. Ətraf mühitin
mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə böyük diqqət və qayğı
göstərən dövlət başçısının bu təklifi ilə respublikamızda çox əhəmiyyətli
genişmiqyaslı aksiya başlanmışdır. Dövlət Başçısının bu təşəbbüsünü dəstəkləyərək, dəmir yolu nəqliyyatında
ətraf mühitin qorunması istiqamətində məqsədyönlü işlərin görülməsi,
təsərrüfatların fəaliyyəti nəticəsində əmələ gələn tullantıların təhlükəli
təsirinin azaldılması, təbiətdə ekoloji tarazılığın təmin olunması, bu sahə
ilə bağlı vəziyyətin mütəmadi olaraq öyrənilməsi və yaxşılaşdırılması, dəmir
yolu ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin gücləndirilməsi
və bunun üçün qanunvericiliklə müəyyən edilmiş qaydada iqtisadi
həvəsləndirmənin və tullantılarla əlaqədar iqtisadi stimullaşdırmanın
tətbiqilə əlaqədar, səmərəli fəaliyyət göstərən və yüksək nailiyyətləri ilə
fərqlənən müəssisələrin əməyinin qiymətləndirilməsi məqsədilə "Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov «Sağlam ətraf
mühit, təmiz hava, təmiz su” müsabiqəsinin keçirilməsi haqqında» əmr
imzalamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə ”Ekologiya İli” elan olunmuş 2010-cu il üçün "Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ətraf mühitin qorunması və ekoloji
tarazlığın təmin olunmasına dair Tədbirlər Proqramını təsdiq etmişdir. "Sağlam ekoloji mühit, təmiz hava, təmiz su” müsabiqəsinin keçirilməsinin
təşkili və təmini və həmin müsabiqənin nəticələrinə görə təsis edilmiş
mükafatların təltif edilməsi üçün «Azərbaycan Dəmir Yolları» Qapalı
Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə Komissiya
yaradılıb.
Tədbirlər proqramına əsasən yerlərdə, ətraf mühitin qorunub mühafizə
edilməsi istiqamətində görülən işlərin səmərəliliyin təmin edilməsi,
vəziyyətinin öyrənilməsi və bu məqsədlə müvafiq işlərin aparılması, müəssisə
ərazilərinin ekoloji və sanitar- gigiyena tələblərinə cavab verməsinin
müəyyənləşdirilməsi, abadlaşdırma və yaşıllaşdırma sahəsində görülən işlərə
nəzər yetirməklə vaxtaşırı baxışlarin keçirilməsi, " Sağlam ekoloji mühit,
təmiz hava, təmiz su” müsabiqəsinin ədalətli keçirilməsini və nominantların
ən layiqlilərinin seçilməsini təmin edərək, Komissiyanın iclas protokolu
əsasında müsabiqənin qaliblərini təyin etmək və onlarin, tutduqları yerlərə
görə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində təntənəli
surətdə mükafatların təqdim olunması nəzərdə tutulur. Müsabiqədə qalib gəlmiş müəssisələr üçün aşağıdakı yerlər və mükafatlar
təsis edilib: I - yer üçün - Fəxri Fərman və 1000 manat məbləğində pul mükafatı;
II - yer üçün - Fəxri Fərman və 500 manat məbləğində pul mükafatı; III - yer üçün - Fəxri Fərman və 300 manat məbləğində pul mükafatı. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müəssisələri arasında
keçirilən «Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsinə dekabr
ayında yekun vurulacaq.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASINDA VƏTƏNDAŞLARIMIZ ÖZLƏRİ DƏ MARAQLI OLMALIDIRLAR
Məlum olduğu kimi, «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun,
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və «Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi haqqında Əsasnamə»nin tələblərinə uyğun olaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2005-ci il fevralın 23-də «Dəmir
yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə
zonasına aid torpaqlardan istifadə olunması Qaydaları»nın və «Dəmir yolları
üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma
Normaları»nın təsdiq edilməsi haqqında 33 saylı qərar qəbul etmişdir. Keçmiş İttifaq parçalandıqdan sonra müstəqil respublikamızda ölkə polad
magistralının ahəngdar fəaliyyətinin təmin olunması yönündə hökumət
səviyyəsində qəbul edilən ilk və olduqca gərəkli bir direktiv sənəddir. Bu
qaydalarda respublika Nəqliyyat Nazirliyinin razılığı ilə «Azərbaycan Dəmir
Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən həyata keçirilən
vacib tədbirlər də öz əksini tapmış, dəmir yolları və onun sanitariya və
mühafizə zonası üçün torpaqayırma normaları da müəyyənləşdirilmişdir. «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi
mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları»nda dəmir
yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin
sanitariya-mühafizə zonasının saxlanmasının şəhərsalma, ekoloji,
sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş tələblərə uyğun
olması göstərilmişdir. Sənəddə həmçinin idarə və müəssisələrə verilən torpaq sahələrinin sanitariya
və mühafizə zonası üçün normaları müəyyən edilmişdir. Belə ki, bu gərəkli
sənəddə dəmir yolu ilə daşımaların həyata keçirilməsi və dəmir yolunun digər
obyektlərinin normal istismarı ilə bağlı nəqliyyat və başqa texniki
vasitələrin istismarı ilə əlaqədar əhalinin həyat və sağlamlığının qorunması,
mühəndis qurğularının təhlükəsizliyinin və qatarların hərəkət
təhlükəsizliyinin təmin edilməsi məqsədilə «Azərbaycan Dəmir Yolları» Qapalı
Səhmdar Cəmiyyətinin və dalan yollarına malik olan təşkilatların,
müəssisələrin və ya idarələrin üzərinə düşən konkret vəzifələr də öz əksini
tapmışdır. «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun
xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları»na
əsasən dəmir yolunun xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu
obyektlərinin möhkəmliyi və dayanıqlılığının təmin edilməsinə yönəldilmiş
işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər
təsərrüfat fəaliyyəti qadağandır. Dəmir yolunun sanitariya-mühafizə
zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri
tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı
məqsədləri üçün fiziki və hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə
bilər. Lakin bu sənədlərə məhəl qoymayan
vətəndaşlar dəmir yolunun bir neçə metrliyində evlər inşa edib ki, bu da həm
qatarlar, həm də sakinlərin özləri üçün təhlükə yaradır. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən keçirilən
reydlər zamanı 2007-ci ildə Bakı və paytaxt ətrafı yaşayış massivlərində
400-dək qanunsuz tikili və hasar sökülmüşdür. Abşeron yarımadasında dəmir
yolunun mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərə ən çox aşağıdakı
ərazilərdə rast gəlinir: Nərimanov-Bakıxanov dəmir yolu sahəsinin
4,5,6,7,8,9,10-cu kilometrləri, Maştağa stansiyasının ərazisi, Səngəçal
qəsəbəsi ətrafı dəmir yolu sahəsinin 484-cü kilometri, Xırdalan stansiyası
ərazisinin 2638,2640-cı kilometrləri, Bakı-yük-Əhmədli dəmir yolu sahəsinin
7,8,9,10,11,12,13,14,15,16-cı kilometrləri,Bakı-sərnişin-Nərimanov dəmir yolu sahəsinin
1,2,3,4-cü kilometrləri, Bakı-sərnişin-Biləcəri dəmir yolu sahəsinin
2651,2653, 2646-cı kilometrləri, Keşlə-Biləcəri dəmir yolu sahəsinin 2648,
2649-cu kilometrləri, Yeni Neftayırma Zavodu-Əhmədli mənzilləri və stansiya
yollarının kənarı, Yeni Suraxanı-Hövsan mənzili və stansiya yollarının
kənarı, Qala-Mərdəkan, Binə-Qala-Pirallahı mənzilləri və stansiya yollarının
kənarı, Fioletov-Nərimanov-Böyük Şor, Böyük Şor-II blok-post mənzilləri və
stansiya yollarının kənarı, Bakı-Biləcəri, Biləcəri-Xırdalan, Bakı-Sumqayıt,
Sabunçu- Zabrat-2-Mərdəkan, Yeni
Suraxanı-Hövsan, Qala-Pirallahı, Bakı-yük-Keşlə-Əhmədli, Güzdək mənzilləri,
8-ci km-Bakıxanov, Bakıxanov-Sabunçu-Zabrat II mənzilləri və stansiya
yollarının kənarı. Respublikanın digər yaşayış məntəqələrindən keçən dəmir
yollarının ətrafında qeyri-qanuni tikililər və yaşayış və ticarət obyektləri
mövcuddur. Bununla əlaqədar müvafiq icra strukturlarına
dəfələrlə müraciətlər edilmişdir. Belə ki, 2003-2007-ci illər Yol
rəhbərliyi tərəfindən Bakı şəhərinin Binəqədi, Qaradağ, Abşeron,
Nizami, Sabunçu, Xətai, eləcə də Dəvəçi, Siyəzən, Lənkəran, Tovuz,
Şəmkir, Goranboy rayonlarının İcra Hakimiyyəti başçılarına, Ekologiya
və Təbii Sərvətlər Nazirliyinə, Bakı Gigiyena və Epidemiologiya
mərkəzitnə məktublar göndərilmişdir. Buna baxmayaraq dəmir yollarına və
mühafizə zolaqlarına məişət və çirkab su tullantılarının sakinlər
tərəfindən atılmasının qarşısı alınmayıb.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin «Yol
təsərrüfatı» İstehsalat Birliyinin işçiləri Bakı, Sumqayıt və digər
şəhərlərdə, eləcə də rayonlarda dəmir yolu və onun ətrafına sakinlər
tərəfindən atılan məişət tullantılarını mütəmadi olaraq kran-dreyferlə vaqon
platformalara yığılması işlərini həyata keçirir. Xüsusilə yaz və payız
baxışları zamanı bu təmizlik işlərinə ciddi diqqət yetirilir. Ekologiya və
Təbii Sərvətlər nazirinə bir neçə dəfə (№669-22.10.2004-cü il,
220-14.04.2005-ci il) müraciət etməyimizə baxmayaraq, xüsusi yer
ayrılmadığından məişət tullantıları yüklənmiş platforma vaqonları
stansiyalarda yığılıb qalır. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə
Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada
rəsmi icazə verilə bilər. Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə
edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazilərdə hər hansı əsaslı
tikinti işlərinin aparılmasına, həmin ərazilərdən qumun, gilin, digər
tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı
obyektlərin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara
təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu boyu
görünməni pisləşdirən obyektlərin tikintisinə və yerləşdirilməsinə yol
verilmir. Dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və
sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə
olunmasına, həmin işlərin icrası zamanı torpaqdan istifadə qaydalarına
riayət olunmasına nəzarəti gücləndirmək sənəddə xüsusi cədvəllər də
verilmişdir ki, orada təhkim zolağı üçün ayrılan torpaq sahələrinin eni
kateqoriyalara görə öz əksini tapmışdır. Belə ki, müxtəlif kateqoriyadan
olan dəmir yolları üçün tökmə yatağının hündürlüyü və qazma yatağının
dərinliyindən asılı olaraq yerin eninə mailliyi müəyyənləşdirilib. Qaydalara
əsasən dəmir yolu xəttindən maksimum və minimum məsafədə tikililərin
aparılması normaları da müəyyənləşmişdir. Burada təhkim zolağı üçün ayrılmalı torpaq sahələrinin eni (metrlə)
tökmə yatağın hündürlüyü (metrlə) və qazma yatağının gərəkliliyi (metrlə)
I,II,III,IV və V kateqoriyalı dəmir yolları üçün xüsusi cədvəldə öz əksini
tapmışdır. Həmçinin dəmir yoluna, fiziki və hüquqi şəxslərə məxsus
obyektlərin harada və dəmir yolundan hansı məsafədə tikilməsinə icazə
verildiyi əks olunmuşdur. Bir faktı da deyək ki, şəraitdən, dəmir yolu
stansiyasının kateqoriyasından və dəmir yolu mənzilinin coğrafi mövqeyindən
asılı olaraq dəmir yolunun kənar oxundan təhkim zolağının kənarına qədər
müxtəlif məsafələrdə müəyyənləşdirilmişdir. Qeyd edək ki, bu problem təkcə mərkəzdə deyil, dəmir yolunun xətt
boyu keçdiyi rayonların ərazisində də qanunsuz tikililər çoxdur.
Təhlükəsizliyin təmin olunmasında təkcə dəmiryolçular deyil, hər bir
vətəndaş məsuliyyət hiss etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetində keçirilən iclasda
respublika əhəmiyyətli infrastrukturların mühafizə zolağında qanunsuz inşa
olunmuş tikililərin inventarlaşdırılması və yekun siyahının hazırlanması və
Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı cavabdeh orqanlara müvafiq
tapşırıqlar verilib. Dəmir yolunda hərəkətin təhlükəsizliyin təmin edilməsi, baş verəcək
qəza hallarının tez aradan qaldırılması üçün bu sahədə müəyyən işlərin
görülməsi planlaşdırılır. Bununla bağlı «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində
xüsusi komissiya yaradılıb və təhkim zolağındakı qanunsuz tikililərin
siyahıya alınması prosesinə başlanılıb. 15 gün müddətində siyahıya alınma
işləri başa çatmalıdır.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
BEYNƏLXALQ SƏRNİŞİN QATARLARINDA GÖMRÜK VƏ SƏRHƏD YOXLAMALARI TƏKMİLLƏŞDİRİLMİŞDİR
9 dekabr 2009-cu ildə saat 12.00-da Yalama sərhəd-keçid məntəqəsində «Azərbaycan
Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət
Gömrük Komitəsi nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
«Beynəlxalq sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin
sadələşdirilməsi haqqında Konvensiya»nın tələblərinin yerinə yetirilməsi
və sərnişinlərin rahatlığının təmin edilməsi, sərhəd-keçid şərtlərinin
sadələşdirilməsi istiqamətində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar
Cəmiyətinin gördüyü işlər davam edir.
9 dekabr 2009-cu ildə Yalama stansiyasında keçirilən tədbir də yeni
texnologiyanın tətbiq olunmasına həsr olunmuşdur. Tədbiri giriş sözü ilə
baş mühəndis Qurban Nəzirov açdı. O, bildirdi ki, bu gün təkcə dəmir
yolunun deyil, eləcə də ölkəmizin ictimai həyatında mühüm bir hadisədir.
Bilirsiniz ki, iyirminci əsrin sonlarından başlayaraq, ulu öndərimiz
Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, dəmir
yolunda da əsaslı islahatlar aparılmağa başlandı. Həmin uğurlu işlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Dəmir yolunda aparılan islahatların tərkib hissələrindən biri
də beynəlxalq sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin
sadələşdirilməsi idi. Bu məqsədlə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin
rəhbərliyi bir sıra mühüm işləri həyata keçirdi. Onlardan biri də «Beynəlxalq
sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin sadələşdirilməsi haqqında
Konvensiya»nın tələblərinin yerinə yetirilməsi və sərnişinlərin rahatlığının
təmin edilməsi, Yalama sərhəd-keçid məntəqəsinin işinin təkmilləşdirilməsi
məqsədilə burada müasir tələblərə cavab verən sərhəd-nəzarət məntəqəsi inşa
edilməsi idi.
Məlum olduğu kimi, 7 yanvar 2009-cu ildə «Yalama stansiyasının sərnişin və
yük qatarları üzərində sərhəd-keçid məntəqəsi» obyekti istismara verilmişdir.
Sərhəd-keçid məntəqəsində bir sıra tikinti-quraşdırma işləri yerinə
yetirilmişdir. O cümlədən, stansiyasının vağzal binası əsaslı təmir olunmuş,
1463 metr uzunluğunda stansiya sahəsinin hasarlanmış və abadlıq işləri
yerinə yetirimişdir. Bir sözlə, Yalama və Xaçmaz stansiyalarında sərhəd və gömrük işçiləri üçün
iş otaqları təmir edilərək yeni avadanlıqlarla təchiz edilmişdir. Bilirsiniz ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət
Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə birlikdə «Azərbaycan
Respublikasının dövlət sərhəddindən Rusiya Federasiyasına və geriyə hərəkət
edən sərnişin qatarlarının rəsmiləşdirilməsi və baxılması Texnologiyası»nı
işləyib hazırlamışdır. Bu texnologiya artıq 30 noyabr 2009-cu ildən etibarən
tətbiq edilir. Yeni texnologiyanın tətbiqi və bununla əlaqədar olaraq beynəlxalq
istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində edilən
dəyişikliklərlə bağlı qatar heyətləri, əlaqədar təsərrüfatların işçiləri,
eləcə də ictimaiyyət məlumatlandırılmışdır. Dövlət Gömrük Komitəsi Gömrük
Nəzarətinin Təşkili İdarəsinin rəisi Şahin Bağırov tədbirdə çıxış edərək
Azərbaycanın Rusiya ilə sərhəd məntəqəsində tətbiq edilən yeni
texnologiyanın əhəmiyyətindən danışdı. O, bildirdi ki, görülən işlər birinci
növbədə sərnişinlərinin rahatlığının təmin olunmasına istiqamətlənib. Dövlət Sərhəd Xidməti Xaçmaz Regional Sərhəd Məntəqəsinin rəisi Aydın
Nəcəfov bildirdi ki, Sərhəd xidmətinin əməkdaşları quraşdırılmış
monitorlar vasitəsilə 1500 məsafədə Yalama stansiyasının parkını tam
müşahidə edə biləcək, istənilən xoşagəlməz hadisənin qarşısını
təxirəsalınmadan alacaqlar. Sərhəd işçiləri üçün tikilib istifadəyə verilmiş
blok-postda rahat iş şəraiti yaradılmışdır. Sərhəd məntəqəsində quraşdırılan
video-kameralar, sərhəd-keçid məntəqəsində və stansiyanın ərazisində
işıqlandırma sisteminin yeniləşdirilməsi müşahidə proseslərinin aparılmasına
hər cür imkan yaratmışdır. Sərnişin Daşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov
jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, əvvəllər 2455-ci
kilometrdəki blok-postda sərhəd-keçib yoxlaması prosesi 1,5 saat vaxt tələb
edirdi. Amma indi yeni texnologiyanın tətbiqi nəticəsində sərhəd-keçid
şərtləri sadələşdirilmiş, sərnişinlərin rahatlığı təmin edilmişdir.
Sərhəd-keçid məntəqələrində gömrük və sərhəd yoxlamalarının vaxtının
azaldılması məqsədi ilə Bakıdan gedəndə sərnişin qatarlarında yoxlamalar
Xaçmaz stansiyasında başlayacaq Yalama stansiyasında başa çatacaq, Bakıya
gələndə isə yoxlamalar Yalama stansiyasında başlayacaq və Xaçmaz
stansiyasında yekunlaşacaq. Sonra tədbir iştirakçıları və KİV nümayəndələri Yalama stansiyasında
374-373 saylı Tümen-Bakı qatarına baxış keçirib Xaçmaz stansiyasına qədər
sərhəd-keçid prosesini müşahidə etdilər.
6 yanvar 2010-cu il tarixdə saat 10.40-da Şimali Qafqaz Dəmir Yolunun
Tarki-Mahaçqala mənzilinin 2292-ci kilometrində 31-32 saylı Bakı-Kiyev
sərnişin qatarının hərəkəti Dağıstanın hüquq-muhafizə orqanları tərəfindən
dayandırılmışdır. Buna səbəb dəmir yoluna partlayıcı maddənin qoyulmasıdır. Hazırda
minaaxtaranlar partlayıcı qurğunun zərərsizləşdirilməsi istiqamətində işlər
aparırlar. Qatarın hərəkəti dayandırılsa da, sərnişinlərin həyatı təhlükəsi
yoxdur. Yaxın saatlarında hərəkətin bərpası gözlənilir. Qatardakı
sərnişinlər quru yeməklə təmin olunublar.
Bu gun hərəkət cədvəli üzrə Bakıdan gedən və Bakıya gələn sərnişin
qatarlarının hərəkətində heç bir dəyişiklik olmayacaq.
Bakıya gələn qatarlar: 313-314 saylı Bakı-Sankt-Peterburq saat 8-13 gəlib
373-374 saylı Bakı-Tümen – hadisə yerini keçib, 2 saat gecikmə ilə – saat
20.37 Bakıya gəlməsi gözlənilir.
Bakıdan gedən qatarlar vaxtında yola düşəcək: 373-374 saylı Bakı-Tümen -17.00 55-56 saylı Bakı-Moskva -19-50 313-314 saylı Bakı-Sankt-Peterburq -23.20
Bakı vaxtı ilə saat 15.45-də qatarların hərəkəti bərpa olunmuşdur.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
«AZƏRBAYCAN DƏMİR YORLLARI» QSC-nin VƏ DÜNYA BANKININ NÜMAYƏNDƏLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
14 dekabr 2009-cu ildə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar
Cəmiyyətində Dünya Bankının nümayəndələri ilə ikitərəfli görüş keçirilmişdir.
Görüşdə «Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsi»
istiqamətində görülən işlər, layihənin hazırkı durumu və gələcək vəzifıələr
müzakirə olunmuşdur. Tədbiri giriş sözü ilə baş mühəndis Qurban Nəzirov açaraq bildirdi ki,
dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə
qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub. «Dəmir
Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsi» üzrə ölkəmizə gələn
missiyaya layihənin rəhbəri Jerald Olivye rəhbərlik edir (Nümayəndə
heyətinin tərkibinə nəqliyyat üzrə böyük mütəxəssis Marta Lorens,
əməliyyatlar üzrə mütəxəssis Hacı Hüseynov, əməliyyatlar üzrə analitik Sofi
Devsonadze, ətraf mühit üzrə mütəxəssis Gülana Hacıyeva, satınalmalar üzrə
mütəxəssis Xesus Renzoli daxildirlər).
Q. Nəzirov bildirdi ki, hal-hazırda Dünya Bankı ilə 450 milyon dollar
kreditin alınması istiqamətində danışıqlar aparılır. Alınacaq vəsaitə sabit
cərəyandan dəyişən cərəyana keçid, işarəvermə və rabitə təsərrüfatının
yenidənqurulması, yeni lokomotivlərin alınması, 240 km yolun əsaslı təmiri,
beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi nəzərdə tutulur.
Dəmir yolunun Layihə İşçi Qrupu tərəfindən bütün texniki tapşırıqlar öz
həllini tapıb. Bu proseslər mərhələli xarakter daşıyır. İlkin mərhələdə layihə-icra
təlimatının hazırlanmasıdır ki, bu, artıq başa çatiıb. İkinci mərhələdə
kredit sazişinin imzalanmasıdır. İmzalanmanın yaxın günlərdə keçirilməsi
nəzərdə tutulur. Bundan sonra isə layihə hesabının açılması proseduru həyata
keçiriləcəkdir. Missiyanın rəhbəri Jerald Olivye öz çıxışında bildirdi ki, görüşün
əsas məqsədi kredit sənədləri imzalandıqdan sonra layihənin sürətli icrası
məqsədi ilə onun bütün əsas komponentlərinin vəziyyətini nəzərdən
keçirməkdən ibarətdir. Missiya həmdə layihənin qüvvəyə minməsi üçün atılacaq
addımları nəzərdən keçirəcək. Dünya Bankının layihəsi tenderlər əsçasında
həyata keçiriləcək. 16 dekabr 2009-cu ildə «Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi
Layihəsi» üzrə ölkəmizə gələn Dünya Bankı missiyasını «Azərbaycan Dəmir
Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov qəbul etmişdir.
O, qonaqları salamlayandan sonra bildirdi ki, «Dəmir Yolu Nəqliyyatı və
Ticarətin Dəstəklənməsi Layihəsi»nin reallaşması istiqamətində Dünya
Bankının fəaliyyəti çox önəmldidir. Bir həftə ərzində DB missiyasının dəmir
yolunun müxtəlif sahələrində çalışan mütəxəssislərlə apardığı işgüzar
müzakirələr prosesi daha da sürətləndirəcək. Missiyanın rəhbəri Jerald Olivye çıxış edərək bildirdi ki, səfər
çərçivəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbər
işçiləri, müvafiq İstehsalat Birliklərinin nümayəndələri ilə apardığı
müzakirələrdən danışdı.
İkitərəfli görüş işgüzar şəraitdə başa çatdı.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
«ŞİMAL-CƏNUB» BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZİNİN REALLAŞMASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ TƏDBİR TEHRANDA KEÇİRİLƏCƏKDİR
«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində «Azərbaycan
Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin, «Rusiya Dəmir Yolları» ASC-nin
və İran Dəmir Yollarının işçi qruplarının növbəti üçtərəfli görüşünün 20-23
dekabr 2009-cu ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində
keçiriləcəkdir. Tərəflər toplantıda «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin tərkib
hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin
tikintisi ilə bağlı iqtisadi və texniki məsələlərin izahının baxılması,
ilkin qoyulacaq sərmayənin yoxlanılması və üzvlər tərəfindən ödənilməsi,
təklif olunan müştərək şirkətin yerinin təyini, şirkətin əsasnaməsinin başa
çatdırılması və təsdiqi və digər məsələlərin müzakirə olunması nəzərdə
tutulur. Tədbirdə Yol rəisinin müavini İqbal Hüseynovun rəhbərlik etidiyi
nümayəndə heyəti də iştirak edəcəkdir.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
BEYNƏLXALQ SƏRNİŞİN QATARLARINDA GÖMRÜK VƏ SƏRHƏD YOXLAMALARI TƏKMİLLƏŞDİRİLİR
9 dekabr 2009-cu ildə saat 12.00-da Yalama sərhəd-keçid məntəqəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcəkdir. «Beynəlxalq sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin sadələşdirilməsi haqqında Konvensiya» nın tələblərinin yerinə yetirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi, Yalama sərhəd-keçid məntəqəsinin işinin təkmilləşdirilməsi məqsədilə Yalama stansiyasında müasir tələblərə cavab verən sərhəd-nəzarət məntəqəsi inşa edilmişdir. Yalama və Xaçmaz stansiyalarında sərhəd və gömrük işçiləri üçün iş otaqları təmir edilərək yeni avadanlıqlarla təchiz edilmişdir. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə birlikdə «Azərbaycan Respublikasının dövlət sərhəddindən Rusiya Federasiyasına və geriyə hərəkət edən sərnişin qatarlarının rəsmiləşdirilməsi və baxılması Texnologiyası» işlənib hazırlanmışdır. 30 noyabr 2009-cu ildən etibarən «Azərbaycan Respublikasının dövlət sərhəddindən Rusiya Federasiyasına və geriyə hərəkət edən sərnişin qatarlarının rəsmiləşdirilməsi və baxılması Texnologiyası» tətbiq edilmişdir. Yeni texnologiyanın tətbiqi və bununla əlaqədar olaraq beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində edilən dəyişikliklərlə bağlı qatar heyətləri, əlaqədar təsərrüfatların işçiləri məlumatilandırılmışdır. Yeni texnologiyanın tətbiqi nəticəsində sərhəd-keçid şərtləri sadələşdirilmiş, sərnişinlərin rahatlığı təmin edilmişdir. Sərhəd-keçid məntəqələrində gömrük və sərhəd yoxlamalarının vaxtının azaldılması məqsədi ilə Bakıdan gedəndə sərnişin qatarlarında yoxlamalar Xaçmaz stansiyasında başlayacaq Yalama stansiyasında başa çatacaq, Bakıya gələndə isə yoxlamalar Yalama stansiyasında başlayacaq və Xaçmaz stansiyasında yekunlaşacaq.
P. S. Məlum olduğu kimi, 7 yanvar 2009-cu ildə «Yalama stansiyasının sərnişin və yük qatarları üzərində sərhəd-keçid məntəqəsi» obyekti istismara verilmişdir. Məlumat üçün bildirək ki, obyektin tikintisinə 2008-ci ilin iyun ayında əvvəlində başlanmış və 01.12.2008-ci il tarixdə başa çatdırılmışdır. Sərhəd-keçid məntəqəsində bir sıra tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Görülmüş işlər aşağıdakılardan ibarətdir:
Stansiyasının vağzal binası əsaslı təmir olunmuş, 1463 metr uzunluğunda stansiya sahəsinin hasarlanmış və abadlıq işləri yerinə yetirimişdir.
Sərhəd işçiləri üçün tikilib istifadəyə verilmiş blok-postda rahat iş şəraiti yaradılmışdır. Sərhəd məntəqəsində quraşdırılan video-kameralar, sərhəd-keçid məntəqəsində və stansiyanın ərazisində işıqlandırma sisteminin yeniləşdirilməsi müşahidə proseslərinin aparılmasına hər cür imkan yaratmışdır.
Sərhəd xidmətinin əməkdaşları quraşdırılmış monitorlar vasitəsilə 1500 məsafədə Yalama stansiyasının parkını tam müşahidə edə biləcək, istənilən xoşagəlməz hadisənin qarşısını təxirəsalınmadan alacaqlar.
Bütövlükdə, sərhəd-keçid məntəqəsinin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Xaçmaz stansiyasında 6, Yalama stansiyasında 10 otaq əsaslı təmir edilmiş, 5 otaqdan ibarət sərhədçi blok-postu tikimlib istifadəyə verilmişdir (bütövlükdə 21 otaq olmaqla).
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
ASRRGlobal, 2009-2025.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).