9 dekabr 2009-cu ildə saat 12.00-da Yalama sərhəd-keçid məntəqəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcəkdir. «Beynəlxalq sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin sadələşdirilməsi haqqında Konvensiya» nın tələblərinin yerinə yetirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi, Yalama sərhəd-keçid məntəqəsinin işinin təkmilləşdirilməsi məqsədilə Yalama stansiyasında müasir tələblərə cavab verən sərhəd-nəzarət məntəqəsi inşa edilmişdir. Yalama və Xaçmaz stansiyalarında sərhəd və gömrük işçiləri üçün iş otaqları təmir edilərək yeni avadanlıqlarla təchiz edilmişdir.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə birlikdə «Azərbaycan Respublikasının dövlət sərhəddindən Rusiya Federasiyasına və geriyə hərəkət edən sərnişin qatarlarının rəsmiləşdirilməsi və baxılması Texnologiyası» işlənib hazırlanmışdır.
30 noyabr 2009-cu ildən etibarən «Azərbaycan Respublikasının dövlət sərhəddindən Rusiya Federasiyasına və geriyə hərəkət edən sərnişin qatarlarının rəsmiləşdirilməsi və baxılması Texnologiyası» tətbiq edilmişdir.
Yeni texnologiyanın tətbiqi və bununla əlaqədar olaraq beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində edilən dəyişikliklərlə bağlı qatar heyətləri, əlaqədar təsərrüfatların işçiləri məlumatilandırılmışdır.
Yeni texnologiyanın tətbiqi nəticəsində sərhəd-keçid şərtləri sadələşdirilmiş, sərnişinlərin rahatlığı təmin edilmişdir. Sərhəd-keçid məntəqələrində gömrük və sərhəd yoxlamalarının vaxtının azaldılması məqsədi ilə Bakıdan gedəndə sərnişin qatarlarında yoxlamalar Xaçmaz stansiyasında başlayacaq Yalama stansiyasında başa çatacaq, Bakıya gələndə isə yoxlamalar Yalama stansiyasında başlayacaq və Xaçmaz stansiyasında yekunlaşacaq.
P. S. Məlum olduğu kimi, 7 yanvar 2009-cu ildə «Yalama stansiyasının sərnişin və yük qatarları üzərində sərhəd-keçid məntəqəsi» obyekti istismara verilmişdir. Məlumat üçün bildirək ki, obyektin tikintisinə 2008-ci ilin iyun ayında əvvəlində başlanmış və 01.12.2008-ci il tarixdə başa çatdırılmışdır. Sərhəd-keçid məntəqəsində bir sıra tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
Görülmüş işlər aşağıdakılardan ibarətdir:
- Stansiyasının vağzal binası əsaslı təmir olunmuş, 1463 metr uzunluğunda stansiya sahəsinin hasarlanmış və abadlıq işləri yerinə yetirimişdir.
- Sərhəd işçiləri üçün tikilib istifadəyə verilmiş blok-postda rahat iş şəraiti yaradılmışdır. Sərhəd məntəqəsində quraşdırılan video-kameralar, sərhəd-keçid məntəqəsində və stansiyanın ərazisində işıqlandırma sisteminin yeniləşdirilməsi müşahidə proseslərinin aparılmasına hər cür imkan yaratmışdır.
- Sərhəd xidmətinin əməkdaşları quraşdırılmış monitorlar vasitəsilə 1500 məsafədə Yalama stansiyasının parkını tam müşahidə edə biləcək, istənilən xoşagəlməz hadisənin qarşısını təxirəsalınmadan alacaqlar.
Bütövlükdə, sərhəd-keçid məntəqəsinin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Xaçmaz stansiyasında 6, Yalama stansiyasında 10 otaq əsaslı təmir edilmiş, 5 otaqdan ibarət sərhədçi blok-postu tikimlib istifadəyə verilmişdir (bütövlükdə 21 otaq olmaqla).
«Azərbaycan Dəmir Yolları»
Qapalı Səhmdar Cəmiyyətinin
Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov