20
sentyabr 2009-cu il tarixdə təxminən saat 15.00 radələrində yağan güclü yağış
nəticəsində sel suları Pirsaat-Hacıqabul mənzilinin 524-523-cü kilometrində cüt
yolun 0,8 km
(800 metr) yol yatağını yuyub aparmışdır.
Bundan başqa Şirvan-Qaragünə
mənzilinin 37-ci kilometrində tək yolda 0,2 kilometr (200 metr) yol yatağını
sel basmışdır. Hadisə nəticəsində Hacıqabul–Şirvan, Hacıbaqul-Pirsaat,
Şirvan-Qaragünə-Xıdırlı mənzillərində yol təsərrüfatı və texniki qurğular,
işarəvermə və rabitə sistemi sıradan çıxmış, Hacıqabul, Nəvahi, Ələt və Sığırlı
yarımstansiyalarında xətlərə enerji verilməsi dayandırılmış, dəmir yolunun
digər təsərrüfatlarına da güclü ziyan dəymiş, rabitə əlaqəsi tamam kəsilmişdir.
Təbii fəlakətin ziyan vurduğu mənzillərdə hərəkət tam dayanmış,
dəmiryolçuların gərgin səyi nəticəsində Hacıqabul – Pirsaat və Şirvan-Ələt
sahəsində saat 22.00-da biryollu hərəkət manevr teplovozlarından istifadə
etməklə bərpa olunmuş, 23.32-dən başlayaraq sərnişin qatarlarının göndərilməsi
müəyyən olunmuş məhdudiyyətlərlə həyata keçirilmişdir.
Təbii fəlakətin nəticələrini aradan
tam qaldırmaq məqsədilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin
bütün təsərrüfatlarının əməkdaşları üçün fövqəladə vəziyyət elan edilmişdir.
Artıq qatarların hərəkəti tam bərpa olunub. Diqqətinizə çatdırırıq ki, 20
sentyabr 2009-cu ildə Şimal istiqamətində də yağan güclü leysan nəticəsində
qatarların hərəkətində fasilələr yaranmış, bu istiqamətdə hərəkət edən sərnişin
qatarlarının hərəkəti dayandırılmışdır. Belə ki, 374-373 saylı Tümen –Bakı və
32-31 saylı Kiyev –Bakı sərnişin qatarları Şimali Qafqaz Dəmir Yolunun
Qızılyurd stansiyasında, 373-374 saylı Bakı-Tümen qatarı isə Şimali Qafqaz
Dəmir Yolunun Mahaçqala stansiyasında dayanmışdır.
Şimali Qafqaz Dəmir Yolu
rəhbərliyinin təklifinə əsasən Bakıdan Tümenə gedən və Mahaçqala stansiyasında
dayanan 373-374 saylı Bakı-Tümen sərnişin qatarının sərnişinləri avtobuslarla
Qızılyurt stansiyasına, orada dayanan 374-373 saylı Tümen –Bakı və 32-31 saylı
Kiyev –Bakı sərnişin qatarlarının sərnişinləri isə avtobusla Mahaçqala
stansiyasına gətiriləcək və oradan sərnişin qatarları ilə təyinatı üzrə mənzil
başına çatdırılmışdır.
«Azərbaycan Dəmir Yolları»
Qapalı Səhmdar Cəmiyyətinin
Mətbuat Xidmətinin rəisi Nadir
Əzməmmədov
|